30.05.2025
30 aprel 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Şuşa şəhər Mədəniyyət evi “Şuşadan Dünyaya” adlı layihə çərçivəsində dahi Üzeyir Hacıbəylinin Ev-Muzeyində bəstəkarın 140 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib. Xalq artisti, bəstəkar Sərdar Fərəcov giriş sözü ilə çıxış edərək, dahi bəstəkarın yaradıcılığına nəzər salıb. Sonra digər iştirakçılar çıxış edərək, dahi Üzeyir bəyin unudulmaz xatirələrindən danışıblar.
Konsert proqramında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Tofiq Quliyev, Qəmbər Hüseynli və Saleh Nəzərovun əsərləri ifa edilib.
Daha sonra tədbir iştirakçıları Şuşa şəhər Mədəniyyət evi tərəfindən təşəkkürnamə ilə təltif edilib. Tədbirin sonunda bəstəkar Saleh Nəzərov Sərdar Fərəcov yaradıcılığı haqqında çıxış edib və direktor Rüstəm Əliyev tərəfindən “Şuşa şəhər Mədəniyyət evinin “Fəxri qonaq” statusu xalq artistinə təqdim olunub. Qeyd edək ki, layihənin ideya müəllifi və bədii rəhbəri Orxan Mövlandır.