17.03.2022
17 Mart, 2022-ci il tarixdə Ağcabədi rayonunda Novruz bayramı münasibətilə ümumrayon el şənliyi keçirilmişdir. Ağcabədi Olimpia İdman Kompleksində keçirilən bayram tədbiri saat 11-00 – da başlamışdır. El şənliyində Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Rafil Hüseynov və onun aparat işçiləri, Ağcabədi Regional Mədəniyyət İdarəsi kollektivi və bütün mədəniyyət müəssisələri, idarə, təşkilatlar, Ağcabədi rayon ictimaiyyəti, şəhid ailələri, II Qarabağ Müharibəsi iştirakçıları, onları ailələri və rayon ərazisində yerləşən “N” saylı hərbi hissələrdən dəvət olunmuş bir qrup əsgər və zabit heyəti iştirak etmişlər. Tədbirdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan kənd klub filiallarının kollektivləri müxtəlif Xalq Sənətkarlıq, Sənətkarlıq, Diyarşünaslıq, əl işləri sərgiləri nümayiş etdirmişlər. İlk olaraq faytonda meydana daxil olan Dədə Qorqud, Bahar qız bayram iştirakçılarını müqəddəs Novruz bayramı münasibətilə təbrik etmişlər. Daha sonra Ağcabədi R.İ.H-nin Başçısı Rafil Hüseynov təbrik nitqi ilə çıxış edərək hər kəsi əziz bayramımız olan Novruz bayramı münasibətilə təbrik etmiş, insanlara sağlam həyat, süfrələrə bol ruzi-bərəkət arzulamışdır. Daha sonra Dədə Qorqud, Bahar qız və rayon rəhbərinin iştirakı ilə Novruz tonqalı alovlandırılmışdır. El şənliyinin bədii hissəsinə başlayan Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbinin musiqili ansanblı və müğənnilər Baharı, yazı, Novruzu tərənnüm edən musiqi repertuarları ilə çıxışlar etmişlər. Kosa və Keçəlin gəlişi, onları təbrikləri, folklor qrupların rənagarəng çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. “Cəngi” sədaları altında Ağcabədi Gənclər və İdman İdarəsinin gənc idmançılarının nümunəvi çıxışları, müəyyən idman terminləri də olduqca maraqlı alınmışdır. Təxminən 2 saata yaxın davam edən el şənliyi gənc xanəndələrin ifa etdikləri “Qarabağ Şikəstəsi” ilə sona yetmişdir.