27.04.2022
27 Aprel 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon üzrə Nümayəndəliyinin, Ağdam rayon Mədəniyyət Mərkəzinin və Ağdam rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılıqları ilə Ağdam Muğam Mərkəzində Ağdam rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Turacı” rəqs qrupu tərəfindən “Zəfərim” adlı rəqs festivalı təşkil edilmişdir. Tədbirdə “Turacı” rəqs qrupu ilə yanaşı, Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına İncəsənət məktəbinin “Qarabağ” rəqs qrupu, Goranboy şəhər İncəsənət məktəbinin “Cahid” rəqs qrupu, Bakı şəhər Xətai rayon Mədəniyyət Mərkəzinin “Mirvari” rəqs qrupu, Bakı şəhər Xətai rayon Mədəniyyət Mərkəzinin solistləri, xareoqraflar da iştirak etmişlər. Tədbirdə əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi, sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Daha sonra çıxış üçün söz Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam rayon üzrə Nümayəndəsi Səyyarə Məmmədovaya verildi. Səyyarə Məmmədova çıxışında ilk növbədə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın ruhuna ehtiramını bildirib, onlara Allahdan rəhmət, ailələrinə səbr arzuladı.Daha sonra çıxışına davam edən Səyyarə Məmmədova “Zəfərim” adlı rəqs festivalının digər festivallardan fərqləndiyini bildirərək, Azərbaycan rəqslərinin tarixi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. O bildirdi ki, Azərbaycan xalqı qədim və böyük mədəni tarixə malikdir. Azərbaycan mədəniyyətində milli rəqslərimizin həmişə xüsusi yeri olmuşdur. Buna misal kimi, Qobustandakı qayaüstü rəsmləri göstərə bilərik. Qobustandakı şəkillər içərisində rəqs mərasimi təsvirləri xüsusi yer tutur. Kollektiv ifa olunan bu rəqslər indiki Azərbaycan türklərinin oynadıqları Yallı rəqsini xatırladır. Azərbaycanın qədim tarixə malik rəqslərindən olan “Kəndirbazlar”, “Qıtqılı” və s. kimi rəqslər indi də sevilir, ifa edilir. Milli rəqslərimizə xas olan və onu başqa xalqların rəqslərindən fərqləndirən səciyyəvi cəhətlər sözsüz ki, var. Azərbaycanıın tanınmış rəqqaslarından olan Əminə Dilbazi, Afaq Məlikova, Roza Cəlilova, Böyükağa Məmmədov və başqaları öz ifalarında milli elementləri qoruyub-saxlamaqla Milli rəqsi xeyli inkişaf etdirə biliblər. Azərbaycan xalqı əsrlər boyu şad günlərini müxtəlif rəqslərlə qeyd etmişdir. Şuşa şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçıları ilə birlikdə, Şuşa şəhərində rəqs etməsi xalqımızın yaddaşında xoş xatirə kimi yaşayır və yaşayacaqdır.
Daha sonra “Turacı” rəqs qrupunun üzvləri tərəfindən “Xudayar təsnifi” ifa olundu və ardınca rəqs nömrəsi nümayiş etdirildi.
“Turacı” rəqs qrupunun çıxışından sonra “Qarabağ”, “Cahid” və “Mirvari” rəqs qruplarının üzvləri və tədbirə dəvət edilmiş Bakı şəhər Xətai rayon Mədəniyyət Mərkəzinin solistləri tərəfindən müxtəlif rəqslər və mahnılar ifa edildi. Tədbirin sonuna yaxın Ağdam rayon Qiyaslı kənd Uşaq Musiqi məktəbinin şagirdləri tərəfindən “Qarabağ şikəstəsi” ifa edildi. Tədbirin sonunda “Turacı” rəqs qrupunun bədii rəhbəri Şükür Həsənzadə tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək, tədbir iştirakçılarını təltif edilmələri üçün səhnəyə dəvət etdi. İştirakçılar Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam rayon üzrə Nümayəndəsi Səyyarə Məmmədova və Ağdam rayon Mədəniyyət Mərkəzinin direktoru Zaur Həsənov tərəfindən Diplom və Fəxri fərmanlarla təltif olundular.