18.06.2022
Ağcabədidə keçirilən “Uşaq festivalı” unudulmaz anlarla yadda qalıb.
Ağcabədi şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Uşaq festivalı” keçirilib. Ağcabədi Regional Mədəniyyət İdarəsinin, GTM - Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi, “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə giriş sərbəst olub. Festivalda xüsusi qayğıya ehtiyacı olan uşaqlar, şəhid ailələrinin övladları da iştirak ediblər. Festivalı giriş sözü ilə açan GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı uşaqları salamlayaraq, Festival haqqında məlumat verib. Ağcabədi Regional Mədəniyyət İdarəsinin aparıcı mütəxəssisi İlkin Mamedov, Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova da çıxış edərək, uşaqlara festival zamanı uğurlar arzu ediblər. Ölkəmizdə uşaqlara göstərilən yüksək dövlət qayğısından danışıb, onların sağlamlığının qorunması, qayğısız böyümələri, təlim-tərbiyəsi sahəsində davamlı iş aparıldığını diqqətə çatdırıblar. Festivalda balacaların istirahət etməsi ilə yanaşı, həm də öz istedadlarını nümayiş etdirmək imkanı yaradılıb. Uşaqlara müxtəlif əyləncə və maarifləndirici proqramlar təqdim olunub. Hər bir uşaq öz marağına uyğun əyləncə seçib asudə vaxtını səmərəli keçirə, istedadını nümayiş etdirə bilib. Parkın ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünüb, müxtəlif yarışlar, interaktiv oyunlar təşkil olunub. Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbi nin, Ağcabədi şəhər Uşaq musiqi Məktəbinin, Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi nin, “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin və 2 saylı körpələr evi-uşaq bağçasının uşaqlarının ifasında təşkil edilən konsert proqramları və digər əyləncələr balacalara gözəl xatirəyə dönəcək anlar yaşadıb. Tədbirin sonunda açıq havada piknik təşkil edilib.