27.07.2022
27 iyul 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Dövlət Rəsm Qalereyasının və MKS-nin 36 saylı kitabxananın birgə təşkilatçılığı ilə “Şuşa ili”nə həsr olunmuş “Şuşam, azadlığın mübarək!” adlı rəsm sərgisi və tədbir keçirilib. Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Ağdam rayon Komitəsinin sədri Cahangir Talıbov, Quzanlı 1 qəsəbə tibb məntəqəsinin əməkdaşları və Ağdam rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şirin canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Tədbiri giriş sözü ilə açan tədbirin aparıcısı, Ağdam rayon Hafiz Kamal oğlu Əsgərov adına Quzanlı qəsəbə tam orta məktəbinin IX sinif şagirdi Abdullayev Cəlal tədbir iştirakçılarını salamlayaraq, hər birinə uğurlar arzuladı və çıxış üçün sözü Ağcabədi Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Ağdam rayon üzrə nümayəndə Səyyarə Məmmədovaya verdi. Səyyarə xanım bildirdi ki, Vətən torpağının hər qarışı bizim üçün əzizdir, qiymətlidir. Lakin Qarabağın mədəniyyət beşiyi olan Şuşanın tayı-bərabəri yoxdur. Şuşa Azərbaycanın muğam beşiyi, milli musiqi, poeziya mədəniyyətinin qədim abidəsidir. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır XVII əsrin əvvəllərindən başlayaraq, Şuşa Qarabağ xanlığının, eləcə də Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilmiş və qonşu ölkələrdə “Kiçik Paris”, “Qafqazın sənəd məbədi” kimi adlarla tanınmışdır. Mədəniyyətimizə, ədəbiyyatımıza, incəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Azərbaycan tarixinə Qasım bıy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev kimi şəxsiyyətlər yetirən Qarabağın dilbər guşəsi olan Şuşa, Şərqlilərə məxsus arxitekturası ilə də fərqlənir “Qarabağnamə” müəlliflərinin göstərdiyi kimi, tarixin müxtəlif dövrlərində xaqanlara təslim olmayan Şuşa qalası aylarla mühasirədə saxlanılsa da, bu şəhəri fəth etmək heç kimə nəsib olmamışdır! “Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar” deyən Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqif hələ o dövrdə Şuşanın alınmaz qala olduğunu söyləmişdir. Qarabağın gözəllik simvolu olan Şuşa şəhəri Vətənimizə qarşı hərbi təcavüzə başlamış Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət abidələri erməni vandalları tərəfindən məhv edilmişdir. Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşanı 28 ildən çox əsarətdə saxlayan erməni işğalçıları onun qədim tarixini dəyişməyə cəhd göstərib, xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçiriblər. Amma qüdrətli və qətiyyətli Ali Baş Komandanımız cənab İlham Əliyevin apardığı 44 günlük Vətən müharibəsində zəfər bizim oldu, zəfər təbilləri bizim üçün çalındı!Tədbirdə Bəhruz Məmmədov “Şuşanın dağları” və “Azərbaycan” mahnılarını ifa etdi, Türkan Cəlalzadə “Salam olsun böyük şəhərə!”, Arzu Abasova “Şuşa”, Əliyev Seyhun “Qələbəyə susamışıq!” şeirlərini söylədilər. Tədbirin sonunda gözəl şairimiz Vəliyəddin Adil Ağdamlı müəllifi olduğu “Şuşa” şeirini söylədi. Tədbirin sonunda Ağdam rayon Dövlət Rəsm Qalereyasında Azərbaycan xalqının qəhramanlığını özündə əks etdirən rəsm sərgisisinə baxış keçirildi.