05.10.2022
Müəllimlik − cəmiyyətimizdə ən məsuliyyətli və ən şərəfli peşələrdən biridir. Müəllimlər ömürlərini gələcəyimiz olan uşaqların tərbiyəsinə, savadlanmasına həsr edir, bu yolda bacarıqlarını əsirgəmirlər. Ulu Öndər Heydər Əliyev deyirdi:“Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyevin bu fikirləri müəllim əməyinə dəyər vermək baxımından çox qiymətlidir. Ulu öndər həkimiyyətdə olduğu bütün dövrlərdə müəllim əməyinə yüksək qiymət verilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli qərarlar qəbul edib. 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutur.
Ulu öndərin siyasi kursunun uğurlu davamçısı, Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına həmişə xüsusi qayğı ilə yanaşır. Məhz bu qayğının nəticəsidir ki, Azərbaycanda müəllimin nüfuzu ilbəil artır. Prezident cənab İlham Əliyev Azərbaycan müəllimini məhz belə qiymətləndirir: “Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur”.
Müəllimlər cəmiyyətimizin nüfuzlu şəxslərindən hesab olunurlar. Onlara xalq arasında böyük hörmət və ehtiram var. Dövr nə qədər inkişaf etsə də, heç bir müasir təhsil texnologiyası müəllim əməyini əvəz edə bilməz.
Bütün müəllimləri bu gün münasibətilə təbrik edirik!