18.10.2022
XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən artıq 30 il ötür. Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir. Həmin gün Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul olunmuşdur. Bunun ardınca Azərbaycan Respublikası Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilmişdir. O vaxtdan Azərbaycan yenidən müstəqilliyinə qovuşmuşdur. Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və başqa dövlətlər tanıdı. 2 mart 1992-ci ildə Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul edildi. Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi.Müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti, digər tərəfdən dövlət rəhbərliyindəkilərin səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı. Məhz belə bir zamanda Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca ölkə iqtisadiyyatında bazar iqtisadiyyatı prinsipləri əsas götürülməyə başlandı. Nəticədə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu. Dünyanın nüfuzlu şirkətlərinin, xüsusən böyük neft şirkətlərinin Azərbaycandakı karbohidrogen resurslarının işlənməsinə cəlb olunması dayanıqlı inkişafın əsasını qoydu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi. Demokratik dəyərlər dövlət siyasətinin mahiyyətini müəyyən edən əsas meyarlardan biri kimi müəyyən olundu. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir. Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Ölkə başçısının siyasi iradəsi nəticəsində daha da güclənən Azərbaycan sosial dövlətə çevrilmişdir. Bunun nəticəsində insanlarımız rifah içində yaşayır və onların rahat yaşaması üçün hər cür şərait və imkanlar mövcuddur. Dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması məqsədilə 15 oktyabr 2021-ci il tarixli Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən , 28 May-Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr- Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.