15.03.2023
15 Mart 2023-cü il tarixində Ağdam rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağdam rayon Quzanlı qəsəbəsində, Heydər Əliyev Mərkəzinin qarşısında xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı münasibətilə təntənəli bayram tədbiri keçirilib. Bayram şənliyində Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov, rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatların, o cümlədən, rayon mədəniyyət müəssisələrinin nümayəndələri iştirak ediblər. Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov rayon mədəniyyət müəssisələri tərəfindən hazırlanan milli mətbəx nümunələri, kitablardan, muzey eksponatlarından və rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Onlar mədəniyyət işçilərinin əməyini yüksək qiymətləndirərək, hər birisini bayram münasibətilə təbrik ediblər. Tədbirin musiqili hissəsindən əvvəl Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov çıxış edərək, ağdamlıları baharın gəlişi münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb. O bildirib ki, xalqımızın milli bayramı olan Novruz bayramı çox qədim tarixə malikdir. Xalqımız minillər ərzində bu bayramı və onun adət-ənənələrini yaşadıb və bu günədək qoruyub-saxlayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində, Novruz bayramı 2009-cu ildən UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib və 23 fevral 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən 21 mart tarixi Beynəlxalq Novruz Günü elan olunub.
Daha sonra tədbir konsert proqramı ilə davam edib. Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Azərbaycan Respublikasının Əməkdar artisti Firuz Səxavət, Tacir Şahmalıoğlu və digər müğənnilər mahnılar ifa ediblər. Tədbir zamanı hərbi geyimli gənclər tərəfindən tədbir keçirilən məkana Qarabağ atlarının gəlişi, eyni zamanda, Ağdam rayon Mədəniyyət Mərkəzinin Turacı rəqs qrupu və Novruz bayramının əsas personajları olan Bahar qız, Kosa və Keçəlin iştirakı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.