02.06.2025
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkdakı “Dinamo” meydançasında uşaqların bayramı ilə bağlı təntənəli tədbir keçirilib.
“Mədəniyyət səninlə tanınır!” şüarı ilə gerçəkləşən festivalda tanınmış müğənni və aşıqların, eləcə də 2023-cü ildə təşkil olunmuş ilk Uşaq İncəsənət Festivalının qaliblərinin rəngarəng çıxışları bütün iştirakçılara, xüsusilə də bu əlamətdar günün səbəbkarlarına unudulmaz anlar yaşadıb.
Faiq Ağayev, Gülyaz Məmmədova, Ramil Qasımov, Manana, İlhamə Qasımova, Şəhriyar İmanov, Azad Şabanov, Samirə Əfəndi, Aşıq Samirə kimi incəsənət ustaları ifaları ilə uşaqların könlünü oxşayıblar.
Tədbirdə bütün bölgələrin mədəniyyət idarələri təmsil olunmuş, həmçinin Qarabağ Regional Mədəniyyət İdarəsi də xüsusi stendi ilə festivala öz töhfəsini vermişdir. Belə ki, keçirilən tədbirdə Qarabağ stendinin qarşısında ayrılmış xüsusi zonada Qarabağ Regional Mədəniyyət İdarəsini təmsil edən uşaqların əl işləri sərgilənmiş, həmçinin festiva xüsusi rəng qatmaq üçün regionunu təmsil edən UİF qaliblərinin və digər uşaqlardan ibarət rəqs qrupları, həmçinin “Apa akademiyası”nın rəqs kollektinin çıxışları tədbir ziyarətçilərinin, uşaqların marağına səbəb olmuşdur. Tədbirin sonuna yaxın mədəniyyət nazirinin müavini cənab Murad Hüseynov tədbir iştirakçılarının sərgilədiyi guşələrlə, o cümlədən Qarabağ Regional Mədəniyyət İdarəsinə aid olan “Qarabağ” stendində İdarəni təmsil edən uşaqların sərgilədiyi əl işləri ilə tanış olmuşdur.