Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bərdədə fəal gənclərlə görüş keçirilib

20.06.2022

Bərdə Regional Mədəniyyət İdarəsi, Bərdə rayon Gənclər və İdman İdarəsi ilə birgə Bərdə rayon MKS-nin Uşaq şöbəsində rayonun ictimai-siyasi həyatında rol oynayan, öz istedadı və bacarığı ilə seçilən gənclərlə görüş keçirib.

Əvəlcə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova qeyd edib ki, bu gün ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb edir. Çünki, vətənpərvərlik hissinin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümüdür. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti Azərbaycan gəncliyinin hərtərəfli inkişafına və ictimai-siyasi həyatda fəal iştirakının təmin olunmasına yönəldiyini vurğulayaraq Ulu Öndərin əsasını qoyduğu bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edib.

Çıxış edən Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli qeyd edib ki, Ulu Öndər gənclərin himayədarları kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Bildirib ki, gənclər ideyaca savadlı olmalı, işə şüurlu yanaşmalı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, vətənin inkişafı naminə çalışmalıdırlar.

Hikmət Ələkbərli gənclərə hər zaman dövlətimizin bayrağını daim yüksəklərdə tutmaq üçün elm, idman, mədəniyyət və digər sahələrdə hər zaman öz üzərində çalışaraq inkişaf etmələrini məsləhət görüb.

Görüş çərçivəsində qarşılıqlı əməkdaşlıq, gənclərin mədəniyyət müəssisələrinə cəlb edilməsi və onların mədəniyyət sahəsində həyata keçirilən müxtəlif layihələrdə iştirakının təmin edilməsi,  gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb .

Görüşdə çıxış edən gənclər onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər. Görülən tədbirlərin nəticəsində bu gün hər bir yaradıcı və istedadlı, savadlı gənclər üçün hər bir şərait yaradıldığını vurğulayıblar.

Daha sonra gənclərlə müzakirə formatında keçən görüşdə gənclər öz fikirlərini, təkliflərini bölüşüb və suallarına cavab alıblar.

Sonda gənclərlə birlikdə xatirə şəkli çəkilib.