Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibləri müəyyən edilib

05.08.2022

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinə avqustun 5-də Şuşada yekun vurulub.

Bülbülün ev-muzeyinin həyətində təşkil olunan müsabiqənin finalında gənc xanəndələr Fuad Əzizzadə, Ülkər Abdullayeva, Daşqın Kürçaylı, Aynur Həsənxanova, Vüqar Əbilov, Pedram Rəncbər və Məftun Səfərli ilə yanaşı, azyaşlı ifaçılar Həzrət Əzizli, Fatimə Kərimova və Sabir Ağayevin çıxışları dinlənilib, münsiflər heyətinin məşvərətindən sonra qaliblərin adı elan olunub.

İlk olaraq müsabiqənin diplomantları səhnəyə dəvət olunub.

Sonra azyaşlı ifaçılar arasında ilk üçlüyün sahibinin adı açıqlanıb. Bu sırada birinci yerə Həzrət Əzizli, ikinci yerə Fatimə Kərimova, üçüncü yerə isə Sabir Ağayev layiq görülüblər.

Gənc xanəndələr arasında isə birinci yeri Fuad Əzizzadə tutub. Fuad Əzizzadə Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət məktəbində xanəndəlik ixtisası üzrə müəllim vəzifəsində çalışır. Müsabiqədə ikinci yerə Ülkər Abdullayeva, Aynur Həsənxanova, üçüncü yerə isə Daşqın Kürçaylı və Vüqar Əbilov layiq görülüb.

Münsiflərin qərarı ilə Pedram Rəncbərə və Məftun Səfərli həvəsləndirici mükafatlar verilib.

Qeyd edək ki, münsiflərə korifey muğam ifaçısı, Xalq artisti Arif Babayev, Xalq artistləri Mələkxanım Eyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova və müsabiqənin icraçısı Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi daxildir.

Müsabiqənin seçim turları aprelin 9-da başlanıb, Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilər başda olmaqla bütün regionları əhatə edib. Yarışma mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanıb.