27.10.2022
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Yevlax şəhərində yerləşən bir sıra mədəniyyət müəssisələrində olaraq müəssisələrin fəaliyyəti, əmək intizamına düzgün riayət olunması və digər məsələlərlə bağlı baxış keçirib.
Aran 2 qəsəbə Mədəniyyət evində olan idarə rəisi şəhid ailələri ilə birgə təşkil olunmuş tədbirdə iştirak edib və Vətən müharibəsində Azərbaycan əsgərinin şücaətindən, zəfərlə bitən qələbəmizdən, Azərbaycan ailəsinə məxsus milli-mənəvi dəyərlərdən bəhs edib. Tədbirdən sonra Mədəniyyət evində fəaliyyət göstərən tibb kursunun fəaliyyəti ilə tanışlıq baş tutub. Mədəniyyət evinin direktoru tərəfindən kursun müddəti, iştirakçı sayları, tədris olunan materiallar barədə geniş məlumat verilib.
Daha sonra Aran Qəsəbə Uşaq musiqi məktəbi , Yevlax Tarix-diyarşünaslıq muzeyi və Yevlax şəhər Yaradıcılıq evində olan idarə rəisi mədəniyyət müəssisələrinin hazırkı vəziyyəti ilə tanış olub, mövcud problemlərdən, mədəniyyət sahəsində qarşıda duran hədəflərdən, bu sahədə mədəniyyət işçiləri üzərinə düşən vəzifələrdən, regionda əhaliyə göstərilən mədəni xidmət səviyyəsinin yüksəldilməsindən danışıb, mədəniyyət müəssisələrində şəffaflığın tam təmin edilməsi, əmək intizamına ciddi riayət olunması, mədəniyyət müəssisələrində mövcud olan nöqsanların qısa müddət ərzində aradan qaldırılması, ixtisaslı kadrların önə çəkilməsi, sənədləşdirmə işlərinin düzgün aparılması, keçirilən tədbirlərin və görülən işlərin sosial media platformalarında daha geniş şəkildə işıqlandırılması ilə bağlı tapşırıqlarını verib.