04.11.2022
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər Mədəniyyət Mərkəzi, şəhər Yaradıcılıq evi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə Zəfər Günü ilə bağlı “Zəfərin mübarək Azərbaycan” adlı ədəbi-bədii musiqili tədbir təşkil edilib. Mərkəzi kitabxanada keçirilən tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, digər idarə və təşkilatların səlahiyyətli nümayəndələri, rayon ictimaiyyəti iştirak edib.
Tədbir ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən regional idarənin rəisi Vəsilə Möhsümova, şəhid ailələrinin üzvləri və digər qonaqlar Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən danışıblar və Zəfər Günü ilə bağlı təbriklərini çatdırıblar.
Tədbirdə Bəşir Səfəroğlu adına Yevlax Xalq teatrının ifasında Zəfər Gününə həsr olunmuş kompozisiya nümayiş etdirilib, mədəniyyət işçiləri tərəfindən milli, vətənpərvərlik və qələbə ab-havalı musiqilər səsləndirilib.
Sonda xatirə şəkilləri çəkdirilib.