Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Talış kəndinin sakinləri doğma torpaqlarına qayıdıblar.

16.03.2023

Böyük Qayıdış proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb.

Bununla əlaqədar Tərtər Rayon Bayraq Meydanında təntənəli yolasalma mərasimi keçirilib.

Tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Tərtər Rayon İcra Hakimiyyətinin rəhbərliyi, YAP Tərtər Rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi, köçürülən ailələr, qazilər və rayon sakinləri iştirak edib.

Tədbir Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər Nümayəndəliyinin hazırladığı konsert proqramı ilə davam etdirilib. Köç edən sakinlərə rayon icra hakimiyyəti tərəfindən bayram sovqatları paylanılıb.

Sonra Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə (90 nəfər) 30 ildən sonra doğma yurdlarına doğru yola çıxıblar.

Onları Talış kəndində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayıblar.

Azərbaycan dövlətinin qısa vaxtda Talış kəndində yaratdığı şəraitlə tanışlıqdan sonra sakinlər üçün nahar süfrəsi açılıb.

Talışa köçən kənd sakinləri Zahid Allasov, Əlişir Allasov, Elmir Hüseynov və başqaları uzun illərdən sonra doğma torpaqlarına qovuşmalarının sevincini yaşadıqlarını bildiriblər. Onlar kəndlərində görülən işlərdən razılıqlarını dilə gətirərək, buna görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Beləliklə, Talış kəndinin sakinləri uzun illərdən sonra Novruzu doğma torpaqlarında qeyd edəcəklər.