Musiqi məktəbi 1979-cu ildə Ağdam rayonu Gülablı kəndində fəaliyyətə başlamışdır. Erməni işğalçıları tərəfindən rayon işğal edildikdən sonra 1994-cü ildən BDU-nun 5 saylı yataqxanasının 2-ci mərtəbəsində, 2013-cü ilin may ayından isə Qaradağ rayonu Müşviqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə tikilmiş Ağdam rayon 33 saylı köçkün tam orta məktəbin 3-cü mərtəbəsində yerləşdirilmişdir.
Məktəb binası ümumi 4 mərtəbədən, musiqi məktəbi üçün ayrılmış sahə 1474,38 m², tədris otaqlarının sahəsi isə 912,58 m² - dir. Həyətyanı sahə 1 hektardır. Məktəbin 300 nəfərlik tutumu olan 1 zalı vardır. Məktəb binası Ağdam rayon təhsil şöbəsinin balansındadır və məktəbdə kitabxana da fəaliyyət göstərir.
Məktəbə 23 sinif otağı ayrılıb. Fortepiano, qarmon, tar, nağara, saz, sintezator və xanəndəlik ixtisasları üzrə 211 nəfər şagird musiqi təhsili alır. Onların təlim-tərbiyəsi ilə 56 nəfər müəllim məşğul olur.Müəllimlərdən 5 nəfəri ali təhsilli, 51 nəfəri isə orta ixtisas təhsillidir.
Məktəbdə musiqi alətlərindən - 3 ədəd royal, 17 ədəd fortepiano , 2 ədəd tar, 1 ədəd nağara, 3 ədəd qarmon, 1 ədəd sintezator, 1 ədəd saz və 1 ədəd qaval vardır. Alətlərin vəziyyəti ortadır.
Məktəbdə hər il yoxlamalar, monitorinqlər olur. Bayram və tarixi əlamətdar günlərin, bəstəkarların yubiley gecələrinin yüksək səviyyədə keçirilməsinə də məktəbdə həmişə xüsusi diqqət verilir.
Məktəbin məzunlarından 1 nəfər Bakı Musiqi Akademiyasına, 2 nəfər Azərbaycan Milli Konservatoriyasına, 14 nəfər isə musiqi kolleclərinə qəbul olunaraq müvafiq ixtisaslar üzrə təhsillərini davam etdirirlər.
Məktəbin xor kollektivi keçirilən xor kollektivlərinin respublika müsabiqələrində, fortepiano, xalq çalğı alətləri, səs şöbələri üzrə şagirdlər isə keçirilən respublika festivallarında, ifaçılıq müsabiqələrində və respublika müsabiqələrində uğurla çıxışlar edərək diplom, fəxri fərman və tərifnamələrlə mükafatlandırılmışlar.
051-728-96-95.
Agdam.gulabli.umm@mail.ru