Xocavənd Rayon Təhsil Şöbəsinin nəzdində 11-i orta, 2-si əsas, 4-ü isə ibtidai olmaqla 17 ümumtəhsil məktəbi, 3 uşaq bağçası və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.
2013-2014-cü tədris ilində rayonun ümumtəhsil məktəbləri üzrə 1884 nəfər nəfər, Respublikanın digər şəhər və rayon məktəblərində isə 913 nəfər şagird təhsil almaqdadır. Rayon ümumtəhsil müəssisələrində şagirdlərin təlim-tərbiyəsi ilə 360 müəllim məşğul olur.
2013-2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə 122 nəfər abituriyent sənəd vermiş, onlardan 45 nəfəri, o cümlədən 7 nəfər 500-dən yuxarı, 3 nəfər 600-dən yuxarı bal toplayaraq Respublikanın müxtəlif ali məktəblərinə daxil olmuşdur. Qəbul olunmuş məzunlardan 1 nəfəri "Qızıl medal" almış Cavadzadə Nuranə Şahin qızı 680 bal toplayaraq Azərbaycan Tibb Üniversitetinə qəbul olmuş və Prezident təqaüdünə layiq görülmüşdür.
Rayon ümümtəhsil məktəblərinin şagirdləri 2013-cü il ərzində müxtəlif müsabiqə və olimpiadaların qalibi olmuşlar. Belə ki, 18 mart 2013-cü il tarixdə biologiya fənni üzrə rayon turunda I yeri tutmuş Xocavənd rayon 2 saylı tam orta məktəbinin XI sinif şagirdi Cavadzadə Nuranə Şahin qızı Respublika turunda iştirak etmiş və IV yeri tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı və qiymətli hədiyyələri ilə təltif edilmişdir. Həmin şagird barədə 05 aprel 2013-cü il tarixli "Azərbaycan müəllimi" qəzetində geniş məlumat dərc edilmişdir.