08.11.2022
Ağcabədidə Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Y.Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon rəhbərliyi, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.Ağcabədi rayon Mədəniyyət Mərkəzində keçirilən tədbir ilk olaraq Ağcabədi Dövlət Rəsm Qalereyasının təşkil etdiyi qələbəmizi əks etdirən sərgiyə baxış keçirilməsi ilə başlayıb.Zəfər Gününə həsr olunmuş tədbir Azərbaycan Resbublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, millət vəkilləri Tahir Rzayev, Aqil Abbas, şəhid anası Məlahət Həziyeva, N saylı hərbi hissənin komandiri, polkovnik Pərviz İbrahimov çıxış edərək öz ürək sözlərini tədbir iştirakçılarına çatdırıblar.Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixli sərəncamına əsasən lll dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan ağcabədili şəhidlərin adları tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında igidlik və mərdlik göstərdiyi üçün təltif olunan bir qrup Vətən müharibəsi iştirakçısına medallar təqdim olunub.Tədbirin bədii hissəsində Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin, Qarabağ Muğam mərkəzinin müəllim və şagirdlərinin ifasında maraqlı və rəngarəng konsert proqramı ilə davam edib.